По вопросам вступления в Союз писателей звоните:

Тобольская Татьяна Станиславовна, 8 499-430-00-89 доб. (101)
ответственный секретарь приёмной комиссии ИСП.

Получать наши новости по электронной почте:

Введите ваш email:

Самый популярный Азербайджанский Лит.Портал Манера.аз опубликовал рассказ А. Гриценко в моем переводе Ümidsizlik — Aleksandr Qriçenkonun hekayəsi

image001
Aleksandr Qriçenko rus dramaturqu və yazıçısıdır. «Vaqrius» nəşriyyatında ədəbi redaktor, «Komsomolskaya Pravda» qəzetində müxbir, «Literaturnaya Possiya» qəzetində publisistika şöbəsinin müdiri işləyib. «Literaturnaya qazeta»da köşə yazarı olub. Hazırda Beynəlmiləl Yazıçılar Təşkilatının (Rusiya üzrə) İdarə Heyətinin sədridir; o həm də «Rossiyskiy kolokol» jurnalının Baş redaktorunun birinci müavinidir. Ədəbiyyat üzrə bir sıra mükafatlar qazanıb, o cümlədən, Çexov mükafatı, Beynəlxalq «De Reşelye» mükafatı laureatıdır. Onun bir hekayəsini «Manera. az» Ədəbiyyat Portalına təqdim edirəm.
Kamran Nəzirli

Ümidsizlik

Çılpaq budaqlar arasından göy üzü tutqun görünürdü. Sürücü maşını daha sürətlə sürməyə başladı… Qış təzəcə girmişdi, qar hələ yağmamışdı, şaxtalı hava ikinci gün idi ki, meydan sulayırdı — mənfi iyirmi beş dərəcəydi. Oleq düşünürdü ki, yəqin meşədə də dəhşətli şaxta var.

Tatar sürücü quru adam idi, damarları görünürdü; lap şeytana oxşayırdı, arabir başını döndərib özündən razı halda deyirdi:
— Gedib çatacağıq… İki yüz kilometri iki saata gedərəm…Hələ nə var ki… gecə saat üçdü də…

Ona fikir verən olmadı. Oleq və arxada onun yanında oturan tosqun, qəşəng geyinmiş qadın fikirliydi, hərə öz aləmindəydi. Oleq düşünürdü:»Görəsən bu qadının neçə yaşı var? Yəqin əlli olar…» Buxaqlı qadının napnazik dodaqları bənövşəyi rəngə boyanmışdı…İri eynək taxmışdı, sifətinin yarısını tutmuşdu…Eynəyin şüşələri gözlərini böyütmüşdü. Bəlkə də eynəksiz daha betər olardı…
Oğlan gözucu qadına baxdı, çalışdı ki, qadın bunu duymasın. Qadının baxışları da ciddiydi… Salondan köhnə siqaret kötüklərinin qoxusu gəlirdi.

Belə qadınlar əlinə düşən kişiləri buraxmaz. Oğlan cəmi üç ay idi ki, qəzetdə işləyirdi və artıq əməkdaşlardan bu qadın haqqında eşitmişdi. Qadın qəzetə sadə bir menecer kimi gəlmişdi, qısa müddətdə baş direktorla redaktorun etimadını qazana bilmişdi; və o, tezliklə reklam üzrə direktorun başını yeyib onun yerinə keçdi. Ay səni, amansız qadın!

Qadının uşaqları yox idi. Ərini də çoxdan məzlum bir məxluqa döndərmişdi; onun icazəsi olmadan kişi heç bir hərəkət edə bilməzdi. Əri tez-tez redaksiyaya gəlirdi; rəngi solğun olurdu, kölgəsindən belə qorxan itaətkar adam təəssüratı yaradırdı.

Oleq maşının güzgüsündən sallanmış breloka baxdı: döşləri iri, uzunayaqlı plastik qız kəfkir kimi fırlanılrdı. Gah sola, gah da sağa…Gah sağa, gah da sola…

Nədənsə qadının Oleqə ürəyi yanırdı. Oleq onunla qəzetə gəldiyi ilk gündən tanış olmuşdu. Və elə həmin gündən etibarən qadın da başladı oğlana havadarlıq eləməyə. Oleq barədə redaktora yalnız tərifli sözlər deyirdi. Səhifəyə reklam materialı vermək lazım gələndə qadın hökmən deyirdi ki, müəllif Oleq olmalıdı.

-Bizdə Oleq kimi gözəl yazı yazan yoxdu…-deyirdi.
Bəzən məqalə alınmırdı, reklam verən adamlar narazı qalırdılar. Lakin qadın hər zaman oğlanı müdafiə edirdi.

Hələ universiteti belə bitirməmiş bir əyalət jurnalisti üçün məşhur qəzetin müxbir məntəqəsində işləmək böyük xoşbəxtlik idi. O, məqalələrinə görə Moskvadan qonorarlar alırdı; bu qonorarlarla Kazanda genbol dolanmaq olar… Oleq də belə edirdi-sağa-sola xərcləyirid; bahalı içkiləri, restoranları, klublara getməyi, qadınları xoşlayırdı. Qadınlarla yataqda siqaret çəkməkdən ləzzət alırdı, onlara yaxşı pul xərcləyirdi.

Son vaxtlar Oleq daha yaxşı yaşamağa başlamışdı — kefi kök, damağı çağ. Əli pula çatmışdı, həm də babat tanınmışdı. Misal üçün, kurs yoldaşları onu istedadlı yazar kimi tanıyırdılar, ona gələcəyin ulduzu kimi baxır, çox hörmət edirdilər. Əlbəttə, ona həsəd aparanlar da vardı, amma bu, sadəcə ağ həsəd idi, zərərli deyildi…

Plastik qız yellənirdi. Siqaret kötüklərinin iyi salonu bürümüşdü. Qadın oğlanın əlini tutub baldırının üstünə qoydu. Oğlan da başladı qadının budunu sağallamağa. «Aha, deməli, bu ezamiyyəni də qadın özü bilərəkdən təşkil edib…» Birdən yadına düşdü ki, axı bu qadın onun anası yaşındadı! Anası Kazanın yaxınlığında yerləşən kənddə yaşayırdı. Şəhərdən cəmi üç kilometr aralıdaydı. Lakin o, düz iki il idi ki, anasıyla görüşmürdü. Qadın onun əlinin istiqamətini dəyişdi. Oğlan həqarət hiss elədi, sonra şəhvət güc gəldi…

…Oleq başını qaldırdı, imtina etmək istədi, necə oldusa, təslim oldu. Nədənsə yenə güzgüdə yellənən plastik qıza baxdı. «Elə bil dar ağacından asıblar…» düşündü. Və sonra güzgüdən gördü ki, tatar sürücü ona baxır. Qadının şişkin ayaqları vardı, qabarcıqlarla doluydu, dərisinin üstündə ilan kimi qıvrılan göy damarlar görünürdü. Oleqin ürəyi bulandı, ona elə gəldi ki, maşın fırlandı, böyrü üstə əyildi, sonra da aşdı…

…Oğlan maşının qapısını açdı. Hər yan su idi, buzlu su. Barmaqlarıyla buz parçalarına toxundu. Buz parçaları sındı. Hə, hə, buz parçaları sındı.
Oğlan hiss etdi ki, boğulur. Buza toxunmaq istədi. Əlləri ağac kimi qurumuşdu…
…Oleq buzun üstüylə süründü. Ona elə gəlirdi ki, bax, bu andaca buz çatlayacaq. Nəhayət, budur, sahildir. O donub, bir qədər də titrəyir deyəsən. Öskürdü. Hələ də uzanmışdı. Ayağa durdu və arxaya baxdı. Maşın çaya düşmüşdü. Sürücü körpüyə çatmamış döngədə idarəetməni itirmişdi və maşın aşmışdı.

«Çay lap kiçikdi ki…» Düşündü. O, çayın o biri sahilini lap aydın gördü: qumsal yamac, yuxarı hissədə quru otluq. Sakitlik…
…Oleq şose yola çıxmaq istədi. Qar dənəcikləri onun islanmış paltarına qonub əriyirdilər. Çox soyuq idi. Nəmli gil süxurlar yamacdan sürüşüb düşürdü. Oğlan yıxılmamaq üçün əlini naməlum quru ot növünə uzatdı.

Yolda heç kim yox idi. Görəsən o, hardadı? Buraları tanımır axı! Yolun hər iki tərəfi ağaclıq idi. Yadına salmaq istədi: yol boyu neçə dəfə qarşıdan gələn maşın gördü, faraları yanıb-sönürdü… Xatırlaya bilmədi. Ətraf meşəlikdi. Hara üz tutsun, hansı səmtə getsin?

Uzaqdan işıq göründü, maşın idi. Oleq əlini qaldırdı. Maşının işıqları onun donqar, məzlum bədəninə, güclə qalxan qoluna düşdü. Avtomobil ötüb keçdi. Oleq gözlərinə inanmırdı. Ağzından bir-iki dəfə buxar çıxdı, sonra başladı ağlamağa. Görünür, göz qapaqları da buzlamışdı.

O, gələn avtomobilin qabağına çıxdı. Çalışdı ki, işıq düz onun üstünə düşsün. Sürücü uzaqdan onun siluetini gördü, əyləci basıb maşını saxladı… və ehtiyatla oğlanı ötüb keçdi.

…O, yenə maşın işığı gördü. Qar dənəcikləri…qar dənəcikləri…qar dənəcikləri… Oleq qaçmağa başladı. Maşın dayandı. Oleq qapını açmağa çalışdı, bacarmadı. Sürücü gülümsəyib dişlərini ağartdı. Maşın yerdən götürüldü. Sürücü maşını yavaş-yavaş sürürdü. Gülürdü. Oleq maşının şüşəsini yumruqlayırdı. Qar dənəcikləri, qar dənəcikləri, qar dənəcikləri…

…Hava işıqlanırdı. Qarlı yolla iki nəfər gedirdi. Biri uşaq idi, o biri isə qoca. Üstündə çırpı olan dişli ağac xizəklər onların belini əymişdi. Quşbaşı qar yağırdı.
-Baba, -qızcığaz tatar dilində soruşdu,- qar hardan yağır?
-Göydən,- baba cavab verdi.
-Bəs onu kim atır yerə?
-Allah.
-Allah qarı ovcuyla atır, yoxsa vedrəylə?
Qoca cavab vermədi: yolun ortasında donmuş insan gördü. Onu demək olar ki, qar örtmüşdü. Baba çəkməsinin ucuyla donmuş insan bədəninə toxundu.
-Allah bircə özü bilir nə ilə tullayır qarı…- baba dedi.
Qoca donmuş meyiti güclə qaldırıb çırpının üstünə qoydu. Qızcığazın gözləri bərələ qalmışdı.
Yolçular yollarına davam elədilər. Külək qar lopalarını dağıdırdı, ağaclar yellənir, babayla nəvəni məmnun-məmnun salamlayırdılar.

Tərcümə etdi: Kamran Nəzirli

Пресс-служба ИСП

Поделиться новостью в социальных сетях:

Подписка на новости:

Читатели @inwriter
Подписка через почту

Введите ваш email: